ŞOKOLADIN TARİXİ

Yaşadığımız dünyanın çox mürəkkəb və nemətlərlə bol təbiətə malik olması insan övladını daima axtarışa və yeni kəşflərə sövq edir. Bu nemətlər zaman-zaman insanlar tərəfindən aşkarlanmış və inkişaf etdirilmişdir.

Rəngarəng təbiətin ən gözəl nemətlərindən olan şokoladın tarixi də qədim zamanlara gedib çıxır. Şokoladın ilk istehlakçısı və tanınmasına səbəb olan Olmeklər təxminən eramızdan 1500 il əvvəl Meksika körfəzi sahilində Amerikada meydana gəlmişdir. Ehtimallara əsasən ilk dəfə olaraq “kakao” sözü “kakawa” kimi tələffüz edilərək Olmeklərin mədəniyyətində meydana gəlmişdir. İnkişaf tarixi isə eramızdan 1000 il əvvəl Qvatamelada və Meksikanın səlahiyyətində olan Çiapasa bilinməyən istiqamətdən gəlmiş Mayaların adı ilə bağlıdır. Mayalar kakao adlanan ağacdan istifadə etməyə başladılar və bir müddətdən sonra kakao onların həyatlarının ayrılmaz hissəsinə çevrilməyə başladı. Hətta o səviyyə çatdı ki, Mayalar öz inancları sıralarına kakao Tanrısını da daxil edərək ona sitayiş etməyə başladılar. Bununla da, Mayaların mədəniyyətlərinin inkişafı özünün klassik fazasına daxil oldu. Təxminən bu dövr eramızdan 250 il əvvələ təsadüf edir. Bu isə Mayaların təkcə mədəniyyətinin deyil, həm də iqtisadi inkişafına səbəb oldu. Bizim eranın 600-cü illərində Mayalar ən böyük plantasiyalar yaradaraq öz iqtisadi inkişaflarının ilkin dövrünə qədəm qoydular. Artıq Mayalar gözəl evlərə, böyük qalalara, möhtəşəm saraylara və nəhəng şəhərlərə malik olmuşdurlar. Bu inkişaf onların yaşayış səviyyələrinə müsbət təsir göstərmişdir. Onlar tez-tez məclislər qurur, öz qonaqlarına şokolad içkisini süfrələrinin ən dadlı, müqəddəs təamı kimi təqdim edirdilər. Mayalar tərkibinə müxtəlif ədviyyat və qatqılar qatmaqla, müxtəlif formalardan istifadə etməklə, müxtəlif dadlarda şokolad içkisi hazırlayırdılar. Bu da mayaların bu sahədə nə dərəcədə inkişafından xəbər verirdi. Lakin Mayaların klassik mədəniyyətlərinin inkişafı IX əsrdən sonra tənəzzülə uğradı. Bu zaman təşəbbüsü eramızın 1000-ci illərində Tolteklər ələ aldı. Amma Tolteklərin mədəniyyətləri o qədər də uğur qazana bilmədi və XII əsrdə daxili çəkişmələr bu mədəniyyətin inkişafına son qoydu. XII əsrdən yeni bir mədəniyyətlə Asteklər rəhbərliyi ələ aldılar. Asteklərin mədəniyyətləri 1521-ci ildə İspanların bu torpaqları zəbt etməsi nəticəsində məhv edildi. İspanların işğalına qədər Asteklər şokolad içkisinin dünyada daha da yayılmasına səbəb olmuşdur. Qədim Astek əfsanələrində deyilir ki, kakao bizə cənnətdən göndərilmişdir, kakao ağacından mərdlik və güc təzahür edir. Kakao asteklərin inkişafında mühüm rola malik idi. Kakao paxlaları Astek İmperiyası üçün pul mənasını kəsb edirdi. Hətta, Kral İmperiyasının anbarlarında kakao paxlaları xüsusən qorunurdu. Hər il anbarlarda 4000 kakao kisəsi yığılırmış.

Şokoladı dadan ilk avropalı Xristofor Kolumb olub. Bu hadisə 1502-ci ildə Qayana adası sakinlərinin əziz qonağını böyük təntənə ilə qarşıladıqları zaman baş vermişdir. Sakinlər Kolumbu kakaodan hazırlanmış içkiyə qonaq etmişdilər. Xristofor Kolumb kakao paxlalarını Avropaya – kral Ferdinanda özünün yeni dünyaya dördüncü səfəri zamanı gətirmişdir. Lakin gətirilən digər qiymətli hədiyyələr arasında olan kakao bitkisinə heç kim o qədər də fikir vermədi və bu da avropalıların kakao bitkisi haqqında məlumatsız olmaqlarından irəli gəlirdi. Lakin, Kolumbdan 100 il sonra şokolad Avropada yayılmağa başladı. Bir girvənkəsi 10-15 şillinqə satılırdı. Bu da çox baha olduğu üçün zadəganlara məxsus içki hesab olunurdu. XVI əsrdə ispan tarixçilərindən Oviedo yazırdı “Yalnız varlılar və hörmətli şəxslər özünə şokolad içkisi içməyə icazə verə bilərdi, çünki bunu içmək pulu içmək kimi bir hərəkət idi”. Artıq bütün ölkələr kakao paxlalarını valyuta kimi istifadə edirdilər. O vaxt 100 kakao toxumuna bir yaxşı kölə almaq mümkün idi. Şokolad illər keçdikcə daha da məşhurlaşdı və nəticədə onun tərkibinə əlavələr edilməyə başlanıldı. Bunlara süd, spesifik məhsullar, müxtəlif şirin məmulatlar, içki və hətta pivə də qatıldı. Əgər ilk əvvəl şokolad kişilər üçün içki sayılırdısa, sonrakı dövrlərdə bu xüsusən uşaqlar üçün maraqlı içkiyə çevrildi. 1674-cü ildə şokoladdan müxtəlif şirniyyatların içində də istifadə etməyə başladılar. Bu dövr “yeyilə bilmə” müddəti adlandırılırdı, çünki hazırlanan şokoladları tək içmirdilər, hətta yemək də olurdu. İlk dəfə şokoladın hazırlanması üçün lisenziyanı italyanlar əldə edir. Avropada Meksikadan fərqli olaraq şokoladın tərkibinə şəkər tozu və vanil də əlavə edilir. XIX əsrdə ilk dəfə olaraq şokolad pilitələri yaradılır, Jan Neaus isə ilk içərisi doldurulmuş konfetin yaradıcısı hesab olunur.

Sənayenin XVII əsrdən başlayaraq sürətli inkişafı nəticəsində bütün ölkələrdə olduğu kimi Azərbaycanda da şokolad məhsulları tanınmağa başladı. Lakin yerli istehsal olmadığı və gətirilməsi çox baha başa gəldiyi üçün ölkəmizə şokolad məhsulları gətirilmir və yaxud nadir hallarda xarici ölkələrə gedən varlı insanlar tərəfindən gətirilirdi. Bu kimi halların olması Azərbaycan alıcısının uzun müddət bu gözəl təamdan uzaq düşməsinə səbəb olmuşdur. Azərbaycan keçmiş SSRİ-nin tərkibində olduğu zaman bu hal bir müddət davam etmişdir. Sonralar Rusiya və İttifaqın digər dövlətləri ilə əlaqələrin sıx olması, gediş-gəlişin asanlaşması, iqtisadi mübadilənin genişlənməsi nəticəsində şokolad məhsullarının Azərbaycanda bir qədər yayılmasına səbəb olmuşdur. Lakin bu əlaqələr Azərbaycanın hər bir alıcısının bu şokoladdan asanlıqla istifadə etməsi demək deyildi. İttifaq iqtisadiyyatı inzibati-amirlik sistemi ilə idarə olunduğundan bütün məhsullar kimi şokolad da dövlətin idarəçiliyində idi. Təbii ki, bu da digər məhsullar kimi şokolad məhsullarının da geniş yayılmasında heç bir maraq doğurmurdu. Azərbaycanda şokoladın geniş vüsət alması XX əsrin ikinci yarısına təsadüf edir. Uzun əsrlərdən sonra artıq Azərbaycanda da bu məhsulun istehsalına başlanıldı. Yerli istehsalın olması artıq hər bir Azərbaycanlının şokoladı dadmasına şərait yaratdı. Qısa bir müddətdə şokolad Azərbaycanlı ailəsinin ən sevimli dadına çevrildi. Artıq çay süfrələrində, məclislərdə, qonaqlıqlarda, şənliklərdə, bayramlarda, toylarda və bir sözlə hər yerdə yerli şokolad məhsullarına rast gəlinirdi. Azərbaycanda öz keyfiyyət və dadı ilə məşhurlaşan yerli istehsal tez bir zamanda İttifaqda da geniş yayılaraq sevilməyə başlanıldı. Lakin, İttifaqın dağılması və Azərbaycanın öz müstəqilliyini əldə etməsi ölkə iqtisadiyyatında, o cümlədən şokolad məhsullarının istehsalında durğunluq yaratmışdı. Bu zaman yenə də xarici məhsulların Azərbaycanda geniş vüsət almasına şərait yarandı. Yerli istehsalın olmaması xarici sahibkarların öz məhsullarını istədiyi qiymətə satmalarına şərait yaratdı. İstehsal şəraiti, təhlükəsizliyi, sanitar-gigiyenik qaydalara və digər amillərə necə riayət etmələri məlum olmadan xarici məhsulları almaq məcburiyyəti yaranmışdı. Bu hal öz gələcəyini, sağlamlığını, ailə büdcəsini və digər amilləri nəzərə alan hər bir Azərbaycanlını narahat edirdi. Ölkə iqtisadiyyatının inzibati-amirlik sistemindən bazar iqtisadiyyatına keçməsi üçün müəyyən bir vaxt lazım idi. Ölkədə iqtisadi islahatların aparılması, yerli və xarici sahibkarlara münbit şəraitin yaradılması keçid iqtisadiyyatının qısa ömürlü olmasına zəmin yaratdı. Bu gün Azərbaycan iqtisadiyyatının bütün sahələri sürətlə inkişaf edir. Tarixi kökə malik olan şokolad məhsullarının da inkişafına zəmin yaranmışdır. 2001-ci ildən bu məsuliyyətli işi “Ulduz” şokolad fabriki öz üzərinə götürüb və bu tarixi ənənəni layiqincə davam etdirməyə çalışır.

Artıq bu gün, XXI əsrdə bu ilahi ləzzətin ətrini və sehrli dadını qiymətləndirmək hər kəsə nəsib olub. Bu gün bütün dünya şokoladı tanıyır. “Şokolad” sözü beynəlxalq olmasa da, bütün dillərdə anlaşılır. Azərbaycan alıcısı da bu ilahi ləzzətin ən alisinə layiqdir.